CƏMİYYƏT
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib VİDEO
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədin müzakirə ediləcəyini bildirib.
Layihəni şərh edən komitə sədri qeyd edib ki, Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan sənəd 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsinə edilən əlavələr uyğunlaşdırma xarakteri daşısa da uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşməsi, uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mütəmadi olaraq ölkə Prezidenti tərəfindən bu qanunvericiliyə edilən əlavə və dəyişikliklər bir daha sübut edir ki, uşaqların hüquqlarının hər şeydən üstün tutulması dövlətin ali məqsədlərindən biridir. “Uşaq hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yeni 11-1 maddəsinin əlavə edildiyi vurğulanıb.
Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi, başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması, həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə, uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi və başqa zəruri məqamlar əksini tapıb.
Milli Məclisin deputatları Dilarə Cəbrayılova, Sədaqət Vəliyeva, Astan Şahverdiyev, Tahir Rzayev, Ağacan Abıyev, parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova layihə ilə bağlı fikirlərini bildiriblər. Onlar uşaqların zərərli təsirlərdən qorunması, onların sağlamlığının müdafiəsi, alkoqollu içkilərin və tütün məmulatlarının reklamlarının məhdudlaşdırılması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.