İQTİSADİYYAT
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
Komitənin sədri Eldar İbrahimov bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişik edilməsi haqqında” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilib.
İclasda məcəlləyə təklif olunan dəyişikliyi Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə təqdim edib. Qeyd edilib ki, Məcəllənin “İnzibati-ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli” adlı 104-cü maddəsi yeni redaksiyada verilir. Düzəlişə əsasən, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla müəyyən edilmiş qaydada baxılır. Təklif olunan dəyişiklik sənədə ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəaların əlavə olunması məqsədilə hazırlanıb. Əvvəlki redaksiyada bu məsələlərə xüsusi komissiyalar tərəfindən baxılırdı. İndi bu komissiyalar haqında Əsasnaməyə ehtiyac qalmır.
Çıxış edən komitə üzvləri Eldar Quliyev, Mahir Aslanov, Novruzəli Aslanov və Tahir Süleymanov qeyd edilən dəyişikliyi müsbət qiymətləndiriblər.
Sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.