İQTİSADİYYAT
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş 7 məsələnin olduğunu bildirib.
İclasda qanun layihələrini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, Milli Məclisə bir zərfdə daxil olmuş 28 qanun layihəsindən 7-si aqrar sahəyə aiddir. “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında” və “Toxumçuluq haqqında” qanunlara təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanununun tətbiqi ilə əlaqədar olub, qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
Fikir mübadiləsi zamanı qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, deputat Cavanşir Paşazadə edilən dəyişiklikləri məqsədəuyğun sayıblar. Baxılan 7 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.