CƏMİYYƏT


Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Bakı, 16 may, Səbinə Məmmədova, AZƏRTAC

Mayın 16-da Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə sənədin müzakirə olunacağını diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib və turizmin inkişafı ilə bağlı qanunvericiliyə uyğunlaşdırmaya xidmət edir. Belə ki, sənəd dövlətimizin başçısının “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli və “Azərbaycanda çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 30 mart tarixli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini-aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə sənəddə aparılan dəyişiklikləri ətraflı şərh edib. Bildirilib ki, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən xidmətin formalaşdırılması, bu sahədə qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Buna görə də Torpaq Məcəlləsinin dövlətin torpaq üzərində mülkiyyət hüququndan bəhs edən 46-cı maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur. Layihədə təklif olunur ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “ictimai çimərliklərdə” sözləri ilə əvəz edilsin. Bu dəyişikliyi etməklə həmin müddəa təkmilləşdirilir, dəqiqləşdirilir, ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması təklif edilir.

Qeyd olunub ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri əsasən istirahət və turizm məqsədilə, xüsusi ilə çimərlik kimi istifadə edilir. Buna görə də dəyişikliyin mühüm praktik əhəmiyyəti olacaq, əhalinin çimərliklərdən istifadə imkanları artacaq.

Layihə ilə əlaqədar çıxış edən komitə üzvləri dəyişiklikləri razılıqla qarşılayıblar və sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.