İQTİSADİYYAT
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Əvvəlcə komitə sədri Eldar İbrahimov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında müzakirə olunmaq üçün Milli Məclisə göndərilib. Saziş bu ilin avqust ayında Bakı şəhərində imzalanıb.
Diqqətə çatdırılıb ki, bitki mühafizəsi və karantini insan sağlamlığı və ətraf mühitin qorunması, habelə ölkənin iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa əlaqədar olduğu üçün bu məsələ dövlətin daim diqqət mərkəzindədir. Bu baxımdan təqdim olunan Sazişin təsdiq edilməsi vacib və əhəmiyyətlidir. On iki maddədən ibarət Sazişə əsasən onun həyata keçirilməsini təmin edən qurumlar hər iki tərəfdən Kənd Təsərrüfatı nazirlikləridir. Saziş Beynəlxalq Bitki Konvensiyasına uyğundur. Bu sənəddə tərəflər bitki mühafizəsi, karantini və zərərli orqanizmlərə nəzarət sahəsində bütün məlumatları mübadilə etmək, zərərli orqanizmlərin digər tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün lazım olan bütün vasitələrdən istifadə etmək, bu sahədə birgə tədqiqatlar da daxil olmaqla iki ölkənin elmi tədqiqat müəssisələri arasında əməkdaşlıq etmək, idxal və ixrac olunan yüklərin fitosanitar sertifikatla müşayiət olunması, təkrar ixrac və tranzit şərtləri, birgə fitosanitar tədbirlərin, yoxlamaların və yüklərin laborator test müayinələrinin keçirilməsi və s. bu kimi məsələlər barədə razılığa gəliblər. Həmçinin hər iki ölkə bu məqsədlərə nail olmaq üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sıx əlaqələndirmə yaratmaq üçün elmi, texniki, iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyini nəzərə alaraq razılığa gəliblər.
Eyni zamanda, sənəddə bildirilir ki, Saziş tərəflərin tərəfdaş çıxdığı digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir. Onun tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıq və məsləhətləşmələr yolu ilə həll edilir. Qarşılıqlı razılığa əsasən müəyyən olunmuş qaydada Sazişə istənilən əlavə və dəyişikliklər edilə bilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.