REGİONLAR


Milli Məclisin bir qrup deputatı Alxanlı kəndində olub VİDEO

Bahar Muradova: İki yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi

Füzuli, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və bir qrup deputat iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçiriblər.

Kənd sakinləri ilə görüş zamanı Milli Məclisin sədr müavini Bahar Muradova düşmənlə üz-üzə mərd-mərdanə dayandıqlarına, hüquqlarının qorunması üçün dünya ictimaiyyətinə müraciət etdiklərinə görə onlara minnətdarlığını bildirib. Qeyd edib ki, 2 yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi.

“Müharibənin də qayda-qanunları var. Müharibədə dinc əhali heç zaman hədəf götürülməməlidir. Beynəlxalq hüquqa, Cenevrə konvensiyasına, insan hüquqları haqqında konvensiyanın və digər sənədlərin müddəalarına əməl edilməlidir. Təəssüf ki, biz heç bir qayda-qanuna, insani dəyərlərə məhəl qoymayan düşmənlə üz-üzəyik” – deyə B.Muradova vurğulayıb.

Milli Məclisin sədr müavini qeyd edib ki, ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasında Ermənistanın dinc sakinləri qətlə yetirməsi 57 ölkədən olan 400-ə yaxın nümayəndənin diqqətinə çatdırılıb. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin, insan haqları komitəsi sədrinin çıxışlarında, plenar sessiyada, komitə iclaslarında bu hadisə qəti şəkildə pislənilib, uşaq qatillərinin əməllərinə hüquqi qiymət verilməsi tələb olunub.

Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Kamran Nəbizadə və Elşad Həsənov kənd sakinlərinin kədərinə şərik çıxıb, göstərdikləri fədakarlıqlara görə təşəkkürlərini bildiriblər.

Kənd sakinləri Nazim Əliyev və Sevinc Həsənova hadisə baş verən andan Prezident İlham Əliyevin, Azərbaycan xalqının onlarla birgə olduqlarını deyiblər. Qeyd olunub ki, düşmənin məqsədi dinc sakinləri hədəfə almaqla əhali arasında qorxu, təşviş yaratmaqdır. Lakin düşmən bu niyyətinə nail ola bilmədi. Alxanlı sakinlərindən heç biri kəndi tərk etmək fikrinə düşmədi.

1993-cü ilin avqust ayında Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan Alxanlı kəndi 1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən azad olunub. Bu haqda danışan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, sakinlər həmin vaxtdan doğma kəndlərinə qayıdıblar. Rayonun digər cəbhəyanı kəndlərində olduğu kimi, bu istiqamətdə də atəşkəs rejimi tez-tez pozulur. Buna baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir. Doğma yurda və torpağa bağlı olan, Azərbaycan Ordusuna güvənən insanlar əkin-biçinlə məşğuldurlar.

Milli Məclisin deputatları Sahibə Allahverdiyevanın və Zəhra Quliyevanın məzarlarını ziyarət edib, yas mərasiminə qatılaraq mərhumların yaxınlarına başsağlığı veriblər.

Alxanlıdan Horadiz şəhərinə gələn Milli Məclisin deputatları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra deputatlar Ermənistan silahlı bölmələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan və Horadiz şəhər xəstəxanasında müalicə olunan Səlminaz Quliyevaya baş çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.