SİYASƏT
Milli Məclisin deputatı Amerika KİV-lərini Azərbaycan barədə subyektiv ritorikadan əl çəkməyə çağırıb
Vaşinqton, 2 sentyabr, AZƏRTAC
Amerikada çıxan “IJ Review” jurnalında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “Amerika mediası Azərbaycana hansı üsullarla böhtan yağdırır və buna nə üçün son qoyulmalıdır” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif Amerikada nəşr edilmiş Merriem-Uebsterin izahlı lüğətində “Böhtan” sözünün izahını xatırladaraq göstərib ki, bu söz faktlar olmadıqda və oxuculara səhv informasiya vermək məqsədilə işlədilir. Daha sonra müəllif yazır ki, Azərbaycana münasibətdə böhtandan az qala hər gün istifadə edilir.
ABŞ-ın sanballı və nisbətən az nüfuzlu xəbər təşkilatlarının yaydığı məqalələrin xülasəsi bu yazılarda faktlara münasibətin adekvat olmadığını nümayiş etdirir. A.Mollazadə buna nümunə kimi Amerikada çıxan “Washington Post” qəzetinin məqalələrində Azərbaycanda baş verən hadisələr barədə məlumatların qərəzli və natamam olduğunu vurğulayır. Hətta qəzetlərin ekspertlər üçün nəzərdə tutulan redaksiya məqalələrində də özlərini belə adlandıran “insan haqlarını müdafiə edənlər”in və “jurnalistlərin” fikirləri üstünlük təşkil edir. A.Mollazadə soruşur: “Azərbaycanla qonşu dövlətlərdən birinin hökuməti tərəfindən haqq ödənilən bu adamlar təkcə özlərini belə təqdim etdiklərinə görə “insan haqları uğrunda fəal mübariz” və ya “jurnalist” olurlarmı?
Deputat daha sonra yazır ki, Amerika KİV-ləri Azərbaycanda “müstəqil media”nı dəstəkləməyə çağıranda əslində xarici ölkələrin hökumətləri tərəfindən maliyyələşdirilən xəbər qurumlarını nəzərdə tuturlar. A.Mollazadə soruşur: məsələn, əgər “Azadlıq” radiosu bütünlüklə amerikalı vergi ödəyicilərinin hesabına maliyyələşdirilirsə, o necə müstəqil təşkilat ola bilər?
Müəllif Azərbaycanın dövlət müstəqilliyi bərpa edildiyi vaxtdan bu ölkədə cərəyan edən demokratik prosesləri təhlil edərək yazır ki, Azərbaycan Respublikasının prioritetləri demokratik islahatların gerçəkləşdirilməsi məqsədilə siyasi, ictimai və işgüzar idarəetmədir, belə məsələlərin həyata keçirilməsi üçün vaxt lazımdır. Deputat vurğulayır: “Çe Gevara üslubunda inqilabın ixrac edilməyi kimi demokratiya da ixrac edilmir. Hər iki təsəvvür səhvdir”.
Qonşu Ermənistan media ilə hökumətin qarşılıqlı fəaliyyətinə dair əyani nümunədir. Erməni lobbisi “demokratiya” sözündən dünyada fəal inkişaf etməkdə olan demokratik ölkələrdən birinə - Azərbaycana qarşı silah kimi istifadə edir. Müəllif qeyd edir ki, Ermənistanın məqsədi Azərbaycanı qərb dünyasından uzaqlaşdırmaqdır.
A.Mollazadə məqaləsinin sonunda Amerika mediasını Azərbaycan haqqında məqalələr hazırlayarkən subyektivlikdən və ritorikadan əl çəkməyə, faktlardan istifadə etməyə çağırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton