SİYASƏT
Milli Məclisin deputatı: Avropanın müxtəlif ölkələrində artan radikallığa qarşı mübarizə gücləndirilməlidir
Strasburq, 11 oktyabr, AZƏRTAC
AŞPA-nın payız sessiyasının plenar iclasında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanın xarici işlər naziri Yurgen Liqinin çıxışından sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ona sualla müraciət edib: “Cənab sədr, Avropanın müxtəlif ölkələrində radikallıq getdikcə artır. Bir çox siyasi partiyaların, siyasətçilərin radikal açıqlamaları insanlara mənfi təsir göstərir, onların radikallaşmasını, antimiqrant, antiislam, antisemitizm eyforiyasını, əhval-ruhiyyəsini Avropanın müxtəlif ölkələrində gücləndirir. Siyasətçilər, siyası partiyalar miqrantlar, İslam əleyhinə açıqlamaları ilə insanların radikallaşmasına səbəb olurlar. Təəssüf ki, bu cür radikal partiyalar seçkilərdə daha çox səs toplayırlar. Belə radikal meyillərin Avropada artması Nazirlər Komitəsini narahat edirmi? Çünki belə meyillər bütün Avropanın gələcəyi üçün böyük risklər və dəhşətlər yarada bilər. Nazirlər Komitəsi bu cür radikal meyillərlə mübarizə istiqamətində hansı addımları atır, hansı işləri görməyi planlaşdırır? Eyni zamanda Avropada multikulturalizmi gücləndirmək, dəstəkləmək üçün hansı işlərin görülməsi planlaşdırılır?”
Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanın xarici işlər naziri Yurgen Liqi həqiqətən də Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığını bildirib. O, bir çox üzv ölkələrdə irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanların baş qaldırmasının müşahidə olunduğunu qeyd edərək, belə hallara qarşı mübarizə aparmağı gücləndirməyin önəmini vurğulayıb. Belə bir tendensiyanın Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdid yaratdığını qeyd edib. Bildirib ki, ksenofobiya, dözümsüzlük, ekstremizm və irqçiliklə mübarizə aparmaq Nazirlər Komitəsi üçün başlıca prioritet məsələdir. Terrorizmə gətirib çıxaran radikallıqla mübarizə aparmaq üçün xüsusi mexanizmlərdən istifadə edilir. Üzv dövlətlərlə birgə həyata keçirilən müxtəlif fəaliyyət planları, eləcə də Avropa Şurasının belə məsələlərlə məşğul olan müəyyən qurumları ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Yurgen Liqi bildirib ki, AŞPA və Nazirlər Komitəsi səviyyəsində olan bütün vasitələrdən istifadə edərək belə mənfi tendensiyalara qarşı daha da güclü mübarizə aparmaq mümkündür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq