SİYASƏT


Milli Məclisin deputatı: Ermənilərin ATƏT PA-nın sessiyasındakı qərəzli çıxışları təxribat xarakteri daşıyır

A+ A

Tbilisi, 2 iyul, AZƏRTAC

İyulun 2-də Tbilisidə ATƏT Parlament Assambleyasının iqtisadiyyat komitəsinin iclasında erməni deputat çıxış edərək Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirib. Lakin Azərbaycan nümayəndə heyətinin hadisələrə operativ reaksiya verməsi nəticəsində o, layiqli cavabını alıb.

İclasda İtaliya nümayəndə heyətinin üzvü Mariette Tedi məruzə ilə çıxış edərək ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində atılan addımlar, əldə olan uğurlar, əməkdaşlığa daha çox fayda verəcək resurslar, ölkələrin qarşılıqlı etimadının gücləndirilməsi ilə bağlı mexanizmlərin hazırlanması və s. məsələlər barədə danışıb.

Məruzə ətrafında keçirilən müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü heç bir etikaya, iqtisadi komitənin reqlamentinə və ruhuna uyğun olmayan siyasi bəyanatla çıxış edib. Erməni deputat əsasən aprel hadisələrinə toxunub, Azərbaycanın aprel ayında ermənilərə qarşı apardığı hərbi əməliyyatlardan danışıb, bu əməliyyatların cavabsız qalmayacağını bildirib. O bir az da irəli gedərək lazım gəldikdə Azərbaycana güclü şəkildə cavab veriləcəyini bildirib.

Erməni deputatın heç bir etikaya və komitənin ruhuna uyğun olmayan bu bəyanatı tədbir iştirakçılarını çox təəccübləndirib.

İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili erməni həmkarına cavab verərək onu susmağa məcbur edib.

T.Mirkişili əvvəlcə Azərbaycanın ATƏT regionunda oynadığı iqtisadi rol, rəsmi Bakının təşəbbüsü ilə regionda reallaşan irimiqyaslı iqtisadi layihələrin əhəmiyyəti, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin yaradılması barədə geniş məlumat verib.

Milli Məclisin deputatı bununla bağlı jurnalistlərə açıqlamasında deyib: “Mən bu layihələrin ATƏT regionunda iqtisadi əlaqələrin daha da genişləndirilməsinə, ölkələr arasında etimadın yaradılmasına və möhkəmlənməsinə xidmət etdiyini bildirdim. Azərbaycandan keçən və Avropaya uzanan beynəlxalq layihələrin əhəmiyyətini bir daha diqqətə çatdırdım. Komitə üzvləri Azərbaycanın rolunu yüksək qiymətləndirdilər, ölkəmizin iqtisadi imkanlarını daha dərindən öyrənmək niyyətində olduqlarını bildirdilər”.

T.Mirkişili qeyd edib ki, ermənilərin bu cür yersiz, qərəzli siyasi bəyanatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə zərbə vurmaq məqsədi daşıyır: “Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan nümayəndə heyətinin belə bir aqressiv bəyanat verməsi təxribatdır və danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti addımlardan biridir. Biz bir daha bəyan edirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin bir hissəsini işğal edib. Aprel hadisələri də Azərbaycan ərazilərində baş verib. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır”.

Komitənin digər üzvləri də Ermənistan nümayəndəsinə etirazlarını bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.