SİYASƏT
Milli Məclisin deputatı: Rusiya Dövlət Dumasına seçkilər şəffaf keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Sankt-Peterburq şəhərində müşahidəçi qismində seçkiləri izləyib.
MDB Parlamentlərarası Assambleyanın Sankt-Peterburq şəhərindəki müşahidəçilər qrupunun əlaqələndiricisinin tapşırığına əsasən koordinatorun müavini vəzifələrini yerinə yetirən deputat Rüfət Quliyev bildirib ki, MDB PA Assambleyasının beynəlxalq müşahidəçiləri qrupunun tərkibi 52 nəfərdən ibarət olub. Buraya MDB ölkələrinin parlament üzvləri, qanunverici hakimiyyətlərin üzvləri, MDB PA Assambleyası katibliyinin əməkdaşları və monitorinq keçirən Beynəlxalq İnstitutun ekspertləri daxildir.
Müşahidəçilər qrupunun üzvləri Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində seçkilərin gedişini izləyiblər.
Sentyabrın 18-də seçkilər başa çatdıqdan sonra deputat Rüfət Quliyev MDB PA Assambleyasından olan müşahidəçilər üçün seçkilərin monitorinqi ilə əlaqədar yekun müşavirə keçirib. Rüfət Quliyev və çıxış edən digər müşahidəçilər bildiriblər ki, müşahidə etdikləri seçki məntəqələrində seçkilər olduqca şəffaf keçib, bütün məntəqələr videomüşahidə kameraları ilə təchiz olunub və zəruri beynəlxalq standartlara cavab verən seçki mühiti yaradılıb. Seçkilərdə seçicilərin fəallığı da diqqət çəkib. Seçkilər zamanı seçicilər üçün öz iradələrini ifadə etmək, istədikləri namizədə sərbəst surətdə səs vermək üçün bütün lazımi şərait yaradılıb. Seçkilər prosesində heç bir əhəmiyyətli pozuntu halları baş verməyib. Bir sözlə, seçkilərə təşkilati hazırlıq çox yüksək səviyyə təşkil olunduğundan, demokratik prinsiplərə tam əməl olunduğundan seçkilər də demokratik şəkildə keçib və seçicilər seçimlərini ediblər.
Müşavirənin iştirakçıları monitorinqin nəticələrinə görə yekun sənəd qəbul ediblər.