SİYASƏT
Milli Məclisin deputatları AŞPA-nın komitə iclasında təkliflərlə çıxış ediblər
Paris, 23 sentyabr, AZƏRTAC
Milli Məclisin deputatları, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva Assambleyanın sosial işlər, səhiyyə və davamlı inkişaf komitəsinin Parisdə keçirilən iclasında iştirak ediblər.
İclasda qadın haqları, miqrant işçilərin hüquqlarının müdafiəsi, iqtisadi səbəblərdən başqa ölkələrə işləməyə getmək məcburiyyətində qalan valideynlərin övladlarının yaşadıqları psixoloji travmalar, uşaqların səhiyyə xidmətlərindən daha keyfiyyətli yararlanması mexanizmləri, işləyən qadınların haqları və bir sıra digər məsələlər müzakirə olunub.
Milli Məclisin deputatları Qənirə Paşayeva və Sevinc Fətəliyeva iclasda bir sıra önəmli təkliflərlə çıxış ediblər. Üzv ölkələrdə qeyd edilən problemlərin həllində səylərin artırılmasının vacibliyini vurğulayan deputatlar bildiriblər ki, xüsusilə miqrantlara, onların hüquqlarına münasibətdə daha həssas yanaşma nümayiş etdirilməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris