SİYASƏT
Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
Bakı, 19 sentyabr, AZƏRTAC
Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə insan hüquqları və etik qaydalar, demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam, tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı, Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və digər mövzularda müzakirələr keçiriləcək.
x x x
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova isə rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək.
Toplantında miqrasiya siyasəti üzrə Avropada demoqrafik dinamikada nöqsan, miqrasiya: Avropanın inkişafı üçün bir şans; Ukrayna böhranının humanitar nəticələri; Fələstinin Qəzza bölgəsində humanitar vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.