SİYASƏT
Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, ATƏT PA-da siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev daxildir.
Sessiya çərçivəsində əvvəlcə ATƏT PA-nın Aralıq dənizi forumu, sonra “Təhlükəsizliyin yeni çağırışlarında parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Üç sessiyadan ibarət olacaq konfransda hərbi-siyasi, iqtisadi və ekoloji, insan meyarlarına diqqət yetiriləcək. Mülki əhalinin partlayıcı əşyalardan qorunması, silahlanmaya və tərksilah olunmaya nəzarətdə parlamentlərin rolu, zorakılığın dəyişən siması, hərbi və mühafizə şirkətlərinin fəaliyyətinin tənzimlənməsində dövlətlə özəl qurumların tərəfdaşlığı, iqtisadi və ekoloji məsələlərdə ATƏT-in fəaliyyəti, milli azlıqların müdafiəsində qurumun rolu və digər mövzular nəzərdən keçiriləcək, fikir mübadiləsi aparılacaq.
Qurumun daimi komitəsinin iclasında bir sıra təşkilati məsələlərə də baxılacaq.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.