SİYASƏT
Milli Məclisin deputatları Kiyevdə NATO PA-nın 95-ci Rouz-Rout seminarında iştirak edəcəklər
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 3-dən 5-dək Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı keçiriləcək. Seminarda Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Ali Radası ilə birgə keçiriləcək “Təhlükəsiz, sabit Ukraynaya doğru və Qara Dəniz regionu” adlı bu tədbir 6 sessiyadan ibarət olacaq. Sessiyalarda Rusiya, NATO və Qara Dəniz regionu, NATO-Ukrayna Xartiyasının 20 illiyi, Donbasda humanitar və hərbi vəziyyət, Krımda siyasi və insan hüquqları, Ukraynanın islahat gündəliyi və daxili çağırışlar, Ukrayna-NATO inteqrasiyası, Qara Dəniz regionunda inkişafın dəstəklənməsi, Moldovada siyasi və iqtisadi vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcəklər.