SİYASƏT
Milli Məclisin deputatları Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər
Vyana, 1 iyul, AZƏRTAC
İyunun 29-dan iyulun 1-dək Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər.
Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdikləri tədbirdə enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, iqtisadi cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların idarə edilməsi, parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Eldar İbrahimov Forumda aqrar-sənaye sahəsində inkişaf, investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış edib.
O, Azərbaycan hökumətinin işsizliyi aradan qaldırmaq, iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahinı daha da yaxşılaşdırmaq istiqamətində addımlar atdığını, bununla bağlı müxtəlif proqramların həyata keçirildiyini diqqətə çatdırıb. Eldar İbrahimov Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində tapşırıqların verildiyini qeyd edib. O bildirib ki, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir və hər il dövlət tərəfindən kənd təsərrüfatının inkişafına yönəlmiş subsidiyalar, kreditlər verilir. Nəticədə ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enib, əməkhaqqı isə son 10 ildə 4 dəfə artıb. Hazırda Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 85-110 faiz təmin edir. Azərbaycan parlamenti tərəfindən yenicə qəbul olunmuş “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun kənd təsərrüfatının dinamik inkişafına yeni təkan verəcək. Azərbaycan kənd təsərrüfatı məhsulları, həmçinin ixrac edilir və ölkəmiz kənd təsərrüfatı sektorunda daim qarşılıqlı əməkdaşlığa hazırdır.
Tədbirdə çıxış edən Ağalar Vəliyev əvvəlcə İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar həlak olanların ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib və terror aktını qətiyyətlə pisləyib.
Azərbaycanın müstəqillik dövründə sürətli iqtisadi inkişafı və uğurla həyata keçirilən neft-qaz strategiyası məsələlərinə toxunan A.Vəliyev qeyd edib ki, zəngin karbohidrogen resurslarına malik ölkəmiz Avropa ölkələrinin enerji resursları ilə təmin edilməsində fəal iştirak edir. Azərbaycanın təşəbbüsü sayəsində regionda irimiqyaslı neft-qaz və infrastruktur layihələri həyata keçirilir. 1994-cü ildə - müstəqilliyini bərpa etdikdən cəmi üç il sonra “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan dünya neft şirkətləri ilə bu cür müqavilə imzalayan ilk postsovet ölkəsi oldu. Bu müqavilədə 8 ölkədən 13 şirkət iştirak etdi və ölkəmizin tarixində Xəzər dənizində beynəlxalq əməkdaşlıq prosesinə başlanıldı. Hazırda Azərbaycanın neft məhsulları Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri ilə ötürülür. 2006-cı ildən başlayaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırılmasında böyük əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri fəaliyyət göstərir. “Əsrin müqaviləsi” iqtisadi, geostrateji və siyasi dividendlərdən başqa Azərbaycana tərəfdaş ölkələrin, Avropanın və dünyanın başqa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verməsinə imkan yaratdı. Bununla da Azərbaycan özünü dünya bazarında enerji resurslarının etibarlı tədarükçüsü kimi tanıtdı.
Vurğulanıb ki, on ilə yaxındır “Şahdəniz” layihəsi çərçivəsində çıxarılan Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə nəql edilir. Prezident İlham Əliyevin səyi nəticəsində hazırda “Cənub” qaz dəhlizinin tikintisi qrafiki üstələməklə gedir. TANAP (Trans-Anadolu) qaz kəmərindən ibarət olan bu dəhliz vasitəsilə Azərbaycan qazı Gürcüstan vasitəsilə Türkiyəyə veriləcək, sonra estafeti TAP (Trans-Adriatik) kəməri qəbul edəcək və “mavi yanacağ”ı Yunanıstandan, Albaniyadan, Adriatik dənizindən İtaliyaya qədər nəql edəcək. Azərbaycan qazını ilk növbədə İtaliya, Yunanıstan və Bolqarıstan şirkətləri alacaq, gələcəkdə isə Avropanın digər ölkələri də əldə edəcək.
Komitə sədrinin müavini forum iştirakçılarının diqqətinə çatdırıb ki, enerji istehsalı labüd olaraq təbii resurslardan istifadə ilə bağlıdır. Bu da ətraf mühitə zərərli təsir göstərir. Bununla əlaqədar olaraq, respublikamızda, eyni zamanda, ətraf mühitin mühafizəsi üçün təsirli tədbirlər həyata keçirilir. Azərbaycanın böyük enerji resursları ehtiyatına malik olduğuna baxmayaraq, əlverişli ətraf mühitin təmin edilməsi məqsədilə tükənməyən və ekoloji təmiz enerji mənbələrinin işlənməsinə başlanılıb. Bu məqsədlə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və respublikanın hər bir ərazisi üçün külək, günəş, kiçik çaylar və Xəzər dənizinin enerjisi hesabına alternativ enerjinin müəyyən növündən istifadə imkanının hazırlanmasına başlanılıb. Bəzi regionlarda alternativ enerji mənbələrindən istifadə etməklə müasir texnologiyalar əsasında “yaşıl ev”lər yaradılıb. Sumqayıt şəhərində Günəş modulları və LED lampalar buraxılışı üzrə “Azpontex” zavodu fəaliyyət göstərir. Səkkiz kiçik hidroelektrik stansiyası istismara verilib, Qobustan rayonunda isə hibrid tipli (külək, günəş və bioməhsullar) elektrik stansiyası işə salınıb. Yüksək texnologiyalar parkı layihəsi başa çatmaq üzrədir ki, onun ərazisində alternativ və bərpa olunmuş enerji, enerjidən effektiv istifadə texnologiyası əsasında 15 zavod tikmək planlaşdırılır.
Bütün bunlar hazırda alternativ enerji mənbələrinin payını on faizə çatdırmağa imkan verib, 2020-ci ildə isə 20 faizə nail olunacaq. Bu, parnik qazlarının həcminin bir qədər aşağı salınmasına imkan verəcək ki, bu da ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə böyük töhfəsi olacaq. Bu istiqamətdə aparılan işlər davam etdiriləcək və Azərbaycan Avropa dəyərlərinin qorunmasında, təbliğində fəal iştirak edəcək.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana