MƏDƏNİYYƏT
Milli Məclisin deputatları Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının fəaliyyəti ilə tanış olublar
Paris, 21 yanvar, AZƏRTAC
Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunda olublar.
Assosiasiyanın baş katibi Eva Roderik və üzvü Arzu Həsənova ilə görüşdə Milli Məclisin üzvləri qurumun fəaliyyəti barədə məlumatlandırılıblar. Bildirilib ki, assosiasiyanın məqsədi Azərbaycan mədəniyyətini və Qarabağla bağlı həqiqətləri Lüksemburqda və bütün Avropada təşviq etməkdir.
Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmiz, eləcə də işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatlar yerli əhaliyə çatdırılır, mütəmadi şəkildə müvafiq tədbirlər təşkil olunur. Heydər Əliyev Fondunun müxtəlif dillərdə Azərbaycanla bağlı zəngin nəşrləri – kitablar, jurnallar, audio və videomateriallar, broşürlər ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verir. İnformasiya bürosunun yüksək zövqlü dekorasiyası Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox elementlərini əks etdirir.
Elmira Axundova ulu öndər Heydər Əliyevlə bağlı kitablarını informasiya bürosuna hədiyyə edəcəyini bildirib.
Görüşdə assosiasiyanın gələcək planlarına dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası 2011-ci ildən fəaliyyət göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris