SİYASƏT
Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar
Bakı, 31 mart, AZƏRTAC
Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva aprelin 1-dən 4-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər. Deputatlar Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının birinci iclasında iştirak edəcəklər. Komissiyaya deputat Əhliman Əmiraslanov rəhbərlik edir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Böyük Millət Məclisində keçiriləcək tədbirdə “Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılacaq. İclasda, həmçinin məsələ ilə bağlı komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı təqdim olunacaq, təşkilati məsələlərə baxılacaq. Toplantıda Əhliman Əmiraslanov ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri qismində giriş nitqi ilə çıxış edəcək.
İclasda deputatlarımız quraqlığın yayılmasının qarşısının alınması, bu prosesin ekologiyaya mənfi təsirinin aradan qaldırılması, səhralaşmaya qarşı mübarizədə təcrübə mübadiləsi barədə fikirlərini bildirəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətimizin Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə görüşləri nəzərdə tutulub.