CƏMİYYƏT


Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə danışıb.

Komitənin 2016-cı il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2016-cı il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri də təhsil haqqından azad ediləcək.

İclasda, həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Qeyd edilib ki, təklif olunan dəyişikliklər “Təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

“Təhsil haqqında” qanun layihəsinə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur” məzmununda yeni maddə əlavə edilib.

Deputatların fikir və təklifləri səsləndiriləndən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.