CƏMİYYƏT
Milli Məclisin gənclər və idman komitəsinin növbəti iclası keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Milli Məclisin gənclər və idman komitəsinin noyabrın 25-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitənin sədri Fuad Muradov bildirib ki, sənədin hazırlanması zamanı Ümumdünya Antidopinq Agentliyinin tövsiyələri, bu sahədə beynəlxalq qanunvericilik nəzərdən keçirilib. Bu günlərdə Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar.
Qeyd edilib ki, layihənin birinci oxunuşda müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb və mətndə müvafiq düzəlişlər aparılıb. Təqdim olunan qanun idmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Sənəddə, eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən ölkəmizdə Milli Antidopinq Agentliyinin (MADA) və onun Müşahidə Şurasının təsis edilməsi gözlənilir. Fəaliyyətini müstəqil şəkildə həyata keçirən agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədilə idmanda dopinqsiz iştirakı təbliğ edir, bu sahədə milli strategiyanın hazırlanmasını, maarifləndirmə fəaliyyətini həyata keçirir, bununla bağlı beynəlxalq standartların tətbiq olunmasını və bir sıra digər məsələləri təmin edir. Müşahidə Şurasına Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin nümayəndələri daxildirlər.
Qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə komitələrin yaradılması nəzərdə tutulub. Terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunan tibbi və ya elmi ekspertizanın keçirilməsi məqsədilə müraciət etmək hüququ terapevtik istifadəyə icazə komitəsinə aiddir. Antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq səlahiyyəti intizam komitəsinə aiddir. Apelyasiya komitəsi müəyyən olunmuş qaydaları yerinə yetirmək və tətbiq etmək üçün bütün zəruri tədbirləri həyata keçirir, MADA-nın qaydalarında göstərilən pozuntu hallarını müəyyənləşdirir. İdman subyektləri bu komitələrin tələblərinə riayət etməlidirlər. Qanun layihəsində, eyni zamanda, idman subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti ilə bağlı məsələlər ehtiva olunur.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Rauf Əliyev, Ülvi Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov sənədin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.