CƏMİYYƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi nəzərdə tutulur.

İclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Dəyişikliklərə əsasən cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndənin razılığı ilə apelyasiya şikayətini geri götürə bilər. Cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdir. Cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndə razılığı ilə kasasiya şikayətini geri götürə bilər.

Məcəlləyə, həmçinin “Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatlı” məzmunda LVI-I fəsil əlavə ediləcək.

“Notariat haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən sənədin 36-cı maddəsinə “Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edir” məzmunlu üçüncü hissə əlavə ediləcək.

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda edilən dəyişikliklərə əsasən sənədə 1.0.8-ci maddə əlavə olunur. Yeni maddədə deyilir: “Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan başqa səbəblərdir”.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən sənədə 362-1-ci və 362-2-ci maddə əlavə ediləcək. Yeni maddələrə əsasən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazarlarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər üç min manat məbləğində cərimələnəcəklər.

Bu Məcəllənin 362.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslərin dörd min manat, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İclasda, həmçinin bir sıra qanunların icraat müddəti ilə bağlı dəyişikliklər məsələsinə baxılıb.

Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.