CƏMİYYƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə hakimlərin təyinatı ilə bağlı 6 məsələ, həmçinin digər qanun layihələri daxil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məlumat verib. Bildirib ki, namizədlər irəli sürülərkən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınıb.

Deputatlara ölkəmizdə gedən məhkəmə islahatları, Məhkəmə-Hüquq Şurasının gördüyü işlər barədə ətraflı məlumat verən Cavid Hüseynov əldə olunan müsbət nəticələrdə Milli Məclisin xüsusi payı olduğunu, məhkəmə hakimiyyətinə dair qəbul edilən qanunların mühüm rol oynadığını minnətdarlıqla vurğulayıb. Bildirib ki, ölkə üzrə hakimlərin sayı 126 nəfər artırılıb. Qanunlara istinad edərək, Məhkəmə-Hüquq Şurası səlahiyyət müddəti başa çatmış hakimlərin fəaliyyətini qiymətləndirib, yaxşılar irəli çəkilib, işində kobud nöqsanlar aşkar edilən 6 hakimin səlahiyyətlərinə xitam verilib.

Müzakirə zamanı deputatlar Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Azay Quliyev, Tahir Kərimli, Vüsal Hüseynov Məhkəmə-Hüquq Şurasının fəaliyyətini və Milli Məclislə əməkdaşlığını yüksək qiymətləndiriblər. Onlar ölkədə məhkəmə hakimiyyətinin işini daha da yaxşılaşdırmaq üçün təkliflər veriblər. Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri üçün təqdim olunmuş hakimlərin namizədliyini dəstəklədiklərini bildiriblər.

Sonra komitədə Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov deputatların çıxışlarında səslənmiş bir sıra məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb. O bildirib ki, dövlət başçısının ölkədə cəza siyasətinin humanistləşdirilməsinə dair məlum Sərəncamından sonra yaradılan Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupu 2 ay müddətində ciddi fəaliyyət göstərib. Cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində çoxsaylı zəruri dəyişiklikləri nəzərdə tutan qanunvericilik layihələri hazırlanaraq ölkə Prezidentinə təqdim edilib.

İclasda Miqrasiya Məcəlləsində, “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələrinə də münasibət bildirilib.

Fikir mübadiləsinin yekununda qərara alınıb ki, komitədə baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına təqdim olunsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.