SİYASƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 6 qanun layihəsinə baxılıb

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 6 qanun layihəsinə baxılıb.

Komitənin sədri Əli Hüseynli əvvəlcə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” məsələ barədə məlumat verib. Qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb, təklif olunan müddəaların mütərəqqi xarakterli olduğu vurğulanıb.

Sonra iclasda “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 1-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun isə 101-ci maddəsinə təklif olunan dəyişikliklərə baxılıb. Qanun layihələrini şərh edən deputat Vüsal Hüseynov bildirib ki, ölkəmizdə 2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin təminatçısı kimi çıxış edir. Ötən müddətdə qurum xeyli inkişaf edib və mühüm işlər görüb.

İclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov təmsil etdiyi qurumun işi barədə deputatlara ətraflı məlumat verib, uğurlardan danışıb. O, mövcud nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Aparat rəhbəri inandığını bildirib ki, bu iki qanunun parlamentdə qəbulu Məhkəmə-Hüquq Şurasının işinin daha da təkmilləşməsinə kömək olacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan növbəti iki qanun layihəsi Azərbaycanın Baş Prokurorluğunda hazırlanmış və baş prokuror Zakir Qaralovun imzası ilə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” sənədlər idi. Həmin qanun layihələrində internet texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin qorunmasının tənzimlənməsi nəzərdə tutulur, böhtan atma və ya təhqir etmə hallarında cəzalar sərtləşdirilir.

İclasda təşəbbüskarı olduqları qanun layihələrini şərh edən Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov bildirib ki, müasir dövrdə ayrı-ayrı şəxslər internetin verdiyi imkanlardan istifadə edərək internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə dövlət başçısının, vətəndaşların şərəf və ləyaqətinə toxunurlar. Cəmiyyətimizdə mövcud olan bu kimi qeyri-qanuni halların qarşısı alınmalıdır. Bu məqsədlə Cinayət Məcəlləsinə əlavə olunan 148-1-ci maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə tətbiq olunacaq və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Cinayət Məcəlləsinə əlavə olunan 323.1-1-ci maddədə isə Azərbaycan Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma hallarına görə cəzalar nəzərdə tutulur. Belə ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək Azərbaycanın dövlət başçısının şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələmə və ya alçaltma törədildikdə bu əmələ görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. 323.2-ci maddəyə əsasən, eyni əməllər Azərbaycan Prezidentini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Qanun layihəsində qeyd olunur ki, bu cəzalar Azərbaycan Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yürüdülən siyasət haqqında tənqidi mülahizələrlə bağlı çıxışlara şamil edilmir.

Deputatlara məlumat verilib ki, Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər ölkəmizin Cinayət-Prosessual Məcəlləsində də müvafiq dəyişikliklərin aparılması zərurətini meydana çıxarır. Bununla əlaqədar olaraq, həmin Məcəllənin 37.3-cü maddəsində “142.1” rəqəmlərindən sonra, 215.3.1-ci maddəsində isə “146” rəqəmlərindən sonra “148-1” rəqəmləri əlavə edilir.

Müzakirə zamanı komitənin sədri Əli Hüseynli, deputatlar Fəzail Ağamalı, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Tahir Kərimli, Elşən Musayev, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov və komitə sədrinin müavini Rövşən Rzayev hər iki qanun layihəsini dəstəkləyiblər. Onlar qanunvericilikdəki boşluğu aradan qaldıracaq bu vacib sənədlərə görə Baş Prokurorluğun ünvanına təşəkkürlərini ifadə ediblər. Sosial mediada, habelə internet ehtiyatlarında Azərbaycan Prezidentinin və onun ailə üzvlərinin şərəf və ləyaqətinin ləkələnməsinin və ya alçaldılmasının yolverilməz olduğu birmənalı şəkildə vurğulanıb.

Geniş fikir mübadiləsinin yekununda komitədə müzakirə olunan bütün qanun layihələri, o cümlədən “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.