SİYASƏT
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Rəbiyyət Aslanova Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada komitənin iki iclası keçirilib. Komitə tərəfindən bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib və qəbul olunub. Ötən müddətdə komitəyə 423 sənəd daxil olub, 113 vətəndaşla görüş keçirilib. Komitənin adından müxtəlif ünvanlara layihə və ərizələrə baxılması üçün 209 məktub göndərilib.
Daha sonra iclasın gündəliyində duran Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Məlumat verilib ki, dəyişikliklər əsasən Əmək Məcəlləsində olan müəyyən müddəaların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədini daşıyır. İclasda qeyd edilib ki, bu gün dünyada miqrasiya prosesinin intensivləşməsi, onun strukturunun, formasının, tipologiyasının dəyişməsi hər bir ölkənin miqrasiya siyasətində əhəmiyyətli dəyişikliklər edir.
Məlumat verilib ki, əmək miqrantları problemi dünyada hazırda çox aktual bir məsələdir. Azərbaycan bu gün öz iqtisadi inkişafı, tolerantlığı, miqrantların hüquq və azadlıqlarının qorunması baxımından cəlbedici ölkədir. Əvvəllər Azərbaycana gələn miqrantlar ucuz işçi qüvvəsi idisə, bu gün ölkəmizə elmlə, sahibkarlıqla məşğul olan miqrantlar gəlir. Bunun üçün qanunvericilikdə də bəzi dəyişikliklər edilməsi zərurəti yaranır.
Qeyd olunub ki, Məcəllənin 13-cü maddəsində edilən dəyişikliyə görə işəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar.
Eyni zamanda, maddəyə əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlərin bu Məcəllə ilə tənzimlənməsi hissəsi
və işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarətin müvafiq icra hakimiyyəti orqanının həyata keçirməsi hissəsi əlavə olunub.
Sonra iclasda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Bildirilib ki, dəyişikliyə görə Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan gələ bilərlər.
Dəyişikliyə görə qaçqın statusu, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir. Eyni zamanda, dəyişiklikdə qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınmasının tələb olunmadığı əksini tapır.
İclasda “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda və Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirə olunub.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.