SİYASƏT
Milli Məclisin insan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Milli Məclisin insan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova komitə tərəfindən 2016-cı il yaz sessiyası və növbədənkənar sessiyalar dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib. Bildirib ki, ötən dövrdə insan hüquqları komitəsi üç iclas keçirib. İclaslarda 8 məsələyə baxılıb və onlardan 6-sı qanun layihələri olub. Hesabat dövründə komitəyə 802 müraciət daxil olub.
Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
Daha sonra “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliyə əsasən sənədin 12-1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” məzmununda 3-1-ci bənd və “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir” məzmununda dördüncü hissə əlavə ediləcək.
“Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən dəyişikliyə görə isə Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyətinin əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi təklif olunur.
Layihəyə əsasən, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Hər iki qanunda nəzərdə tutulan dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Müzakirələr zamanı deputatlar sənədlə bağlı təkliflərini səsləndiriblər.
Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.