SİYASƏT
Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib
AZƏRTAC xəbər verir ki, sədr Ziyad Səmədzadə 2014-cü ilin yaz sessiyası ərzində komitənin gördüyü işlərdən danışıb. Bildirilib ki, bu dövrdə komitə tərəfindən 51 məsələyə baxılıb. “Dəniz limanları haqqında” qanun layihəsi parlamentdə qəbul olunub.
2014-cü ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planından danışan Z.Səmədzadə bildirib ki, payız sessiyasında Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsi müzakirə ediləcək, bir sıra qanunlarda dəyişikliklər olacaq. Eyni zamanda, iş planına “Reklam fəaliyyəti haqqında” qanun layihəsi də salınıb. Məlumat verilib ki, qanunun qəbul olunmasından artıq 15 il ötüb və bu dövrdə Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər baş verib. Bu sahədəki boşluqları doldurmaq üçün təklif edilən qanun layihəsində çox önəmli dəyişikliklər var.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.
“Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyaya Protokol”un, “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edilib. Bildirilib ki, Azərbaycan artıq bu sahədə 45-dən çox ölkə ilə Saziş imzalayıb. Bu da Azərbaycan iqtisadiyyatı üçün, vergi sisteminin təkmilləşməsi üçün geniş imkanlar açır.
Sonra “Poçt haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sığorta fəaliyyəti”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqında”, “Valyuta tənzimi haqqında”, “Reklam haqqında” qanun layihələri müzakirə olunub.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlərin təsdiq edilməsi, Azərbaycan Respublikasının gömrük, vergi, inzibati məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri, “Turizm haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Banklar haqqında”, “Qrant haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun layihələri müzakirə edilib. Bundan başqa, iclasda “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.