İQTİSADİYYAT


Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üç məsələ müzakirə edilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 3 məsələ -

“Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, Vergi Məcəlləsində, həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri daxildir.

Birinci məsələ barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirdi ki, göstərilən kredit 2012-ci ildə ayrılıb. Bu dəyişikliyə görə isə, kreditin müddəti dəyişməz olaraq qalır, kreditin istifadə müddəti isə 2 il artırılır. Bunun səbəbi isə tikinti işlərinin başlamasına hazırlıq prosesinin yekunlaşmaması ilə bağlıdır.

Vergi Məcəlləsinə təklif olunan dəyişiklik barədə məlumat verən komitənin sədri Ziyad Səmədzadə diqqətə çatdırdı ki, dəyişikliyə görə, məcəllənin 63.3-cü maddəsinin ikinci hissəsinin “Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər” cümləsində “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun isə 3 nömrəli əlavəsindən “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 82-ci bəndi ləğv edilərək, “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərar” sözləri oradan çıxarılır.

Çıxış edən deputatlar Vahid Əhmədov, Cavid Qurbanov və müvafiq qurumların nümayəndələri təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər.

Müzakirələrdən sonra gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.