İQTİSADİYYAT


Milli Məclisin komitə iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirə edilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Ziyad Səmədzadə əvvəlcə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verib. Bildirib ki, qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulan müddətlərdə keçirilib, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb.

Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Kredit büroları haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu qanun layihəsi ilə bağlı Azərbaycan hökuməti beş ildir bir sıra beynəlxalq təşkilatlarla birlikdə işləyir. Hələ beş il bundan əvvəl Dünya Bankı və Azərbaycan Respublikasının Mərkəzi Bankı o zaman bank tənzimlənməsi ilə məşğul olan bir orqan kimi aparıcı bankların, maliyyə qurumlarının iştirak etdiyi xüsusi işçi qrup yaratmışdı. Bu işçi qrup qanunun ilkin layihəsini hazırlamışdı. Sonradan bu qanun layihəsi bir neçə dəfə müxtəlif instansiyalarda müzakirələrdən keçdi və nəhayət, təxminən iki il əvvəl həmin müzakirələr dayandırıldı. Maliyyə Bazarlarına Nəzarət Palatası formalaşdıqdan sonra bu qanunvericilik təşəbbüslərinin statusu ilə maraqlandı. Bunun da mühüm səbəbi var. Çünki kredit büroları insanların populyar maliyyə xidməti olan bank kreditlərindən istifadəsini yüngülləşdirən ən mühüm institutlardan biridir.

Daha sonra Rüfət Aslanlı qanun layihəsini təqdim edib. Qeyd edilib ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır. Başqa sözlə, bu kredit bürosu elə bir məlumat bazasıdır ki, orada kredit almaq istəyən hər bir şəxsin əvvəlki borcları, onların ödənmə intizamı, ödənmə statusu, o cümlədən vaxtı keçmişlər varsa onlar barədə, nə qədər müddətdə vaxtı keçməsi, ödəmə qrafiki kimi digər məlumatları özündə əks etdirən məlumat bazasıdır.

Qeyd edilib ki, təxminən on ilə yaxındır bu məlumat bazasına oxşar sistem fəaliyyət göstərir. Bu, vaxtilə “Banklar haqqında” qanun əsasında Mərkəzi Bankda yaradılmış mərkəzi kredit reyestridir. Sadəcə olaraq mərkəzi kredit reyestri ilə kredit büroları arasında bir mühüm fundamental fərq var. Mərkəzi kredit reyestri “Bank haqqında” Qanun əsasında yaradılmışdı və onun əsas mandatı requlyatorun, yəni bank tənzimləyicisinin bankların vermiş olduğu kreditlərin vəziyyətini, bununla da bankların aktivlərinin keyfiyyətini və kapital durumunu qiymətləndirməyə xidmət edir. Ona görə də məhz bu mandata uyğun məlumatlar toplayır. “Kredit büroları” isə potensial borc alanların banklardan daha sürətlə, daha az məsrəflə, daha məqbul şərtlərlə kredit almasına dəstək verəcək bir məlumat bazasıdır.

Qanun layihəsinin vacibliyindən danışan R.Aslanlı bildirib ki, qarşımızda duran əsas vəzifə maliyyə inklüzivliyini, hər bir insanın və iş adamının maliyyə xidmətinə sərbəst qaydada çıxışını təmin etməkdir.

Daha sonra qanun layihəsi ətrafında müzakirələr aparılıb. Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər iqtisadi islahatların dərinləşməsinə yönəlib.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələrinə də baxılıb.

Sonda qanun layihələri Milli Məclisin plenar iclaslına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.