SİYASƏT


Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.

Ziyafət Əsgərov bildirib ki, gündəliyə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. 1-ci maddəyə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir.

14-cü maddədə isə deyilir ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əmək haqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Çıxış edən Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, bu dəyişikliklər terrorizmə qarşı mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlardan irəli gəlir və onlara uyğundur.

Diqqətə çatdırılıb ki, qanuna edilən bu dəyişikliklər hüquq-mühafizə orqanlarına terrorizmlə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Sonra “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif olunan hər iki dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.