CƏMİYYƏT
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov yaz və növbədənkənar sessiyalarda 9 qanun layihəsinə baxıldığını söyləyib. Bildirib ki, plenar iclasda həmin qanun layihələrinin yeddisi müzakirə edilərək qəbul olunub.
Əvvəlcə iclasda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən sənədə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” məzmunlu 11-1-ci və 11-2-ci maddələr əlavə edilib. Əlavələrə görə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilər. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Bildirilib ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 2.3-cü bəndinin icrası ilə əlaqədar təklif olunur.
İclasda, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə edilib. Qanun layihəsinə əsasən sənədin 233-1-ci maddədə “maddəsində” sözü “və 355-13.4-cü maddələrində” sözləri əlavə ediləcək. Qanuna, həmçinin “terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında” məzmunlu 305.1.14-cü maddə əlavə ediləcək. Dəyişikliklərə görə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.