SİYASƏT


Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib.

Əvvəlcə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatlara ölkəmizdə gedən məhkəmə islahatları, Məhkəmə-Hüquq Şurasının gördüyü işlər barədə məlumat verib.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikası Ali, Bakı Apellyasiya, Gəncə Apellyasiya, Sumqayıt Apellyasiya, Şirvan Apellyasiya, Şəki Apellyasiya məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məsələlər barədə məlumat verib.

Deputatlar Məhkəmə-Hüquq Şurasının fəaliyyətini və Milli Məclislə əməkdaşlığını yüksək qiymətləndiriblər. Onlar ölkədə məhkəmə hakimiyyətinin işini daha da yaxşılaşdırmaq üçün müvafiq təkliflər veriblər. Deputatlar Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri üçün təqdim olunmuş hakimlərin namizədliyini dəstəkləyiblər.

Sonra plenar iclasda 2017-ci il dövlət büdcəsi haqqında Qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsindən danışıb.

Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün 68 milyon manat vəsait yönəldiləcək.

Bundan başqa, 2016-cı il ərzində SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin kompensasiyası üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədə-uyğun hesab edilib. Həmçinin lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546 milyon manat artırılması nəzərdə tutulub.

Bildirilib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 milyon manat vəsait yönəldiləcək və bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur.

2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq. Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36 milyon artırılması nəzərdə tutulub.

Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların əməkhaqlarının tənzimlənməsi, həmçinin səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması nəzərdə tutulur.

Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041 milyon manat artırılaraq 17941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq.

2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə mütləq ifadədə 16766 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur.

Həmin artım Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar üzrə 250 milyon manat, Vergilər Nazirliyi üzrə 135 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 milyon manat təşkil edəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə Hesablama Palatası da rəy verib. Palatanın rəyi müsbətdir.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək bu dəyişiklikləri yüksək qiymətləndiriblər.

İclasda, həmçinin Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Bildirilib ki, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sonra “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd olunub ki, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər.

Deputatlar Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə də baxıblar.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi, elektron vizaların daha qısa müddətdə alınması məqsədilə hazırlanıb.

Qanun layihəsinin mövcud redaksiyası elektron vizanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunmasını nəzərdə tuturdusa, artıq yeni redaksiyada elektron viza məlumatlarını əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sərhədkeçmə sənədi ilə birgə, yəni, şəxsiyyəti təsdiq edən istənilən sənədlə, məsələn, təkcə pasportla deyil, dənizçinin şəxsiyyət sənədi ilə də təqdim edə bilər. Qanun layihəsinə yeni 38.11-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Məcəllənin mövcud redaksiyasının 38.1-ci maddəsində qeyd edilir ki, elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Yeni, təklif o anlama gəlir ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Parlamentdə, həmçinin “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin hazırlanmasında məqsəd həmin Fərmana uyğun olaraq açıq məkanda reklamın təşkili, tənzimlənməsi və ona nəzarət məsələlərini tənzimləməkdən ibarətdir.

Bundan başqa, iclasda “İcra haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Sonra “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi haqqında məlumat verib. Qeyd edilib ki, təklifə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır. Bununla da məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi hal və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur.

Daha sonra “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qanun layihəsi Mərkəzi Bankın İdarə Heyətinin qanunun 22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü və 22.0.16-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanıb.

İclasda “Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün yaradılıb. Onun ali idarəetmə orqanı Himayəçilik Şurasıdır. Təklif olunan qanun layihəsinin hazırlanmasında məqsəd Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibində və səlahiyyətlərinin həyata keçirilməsində, eləcə də icraçı direktorun vəzifəyə təyin edilməsində və azad edilməsində müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Bundan başqa, deputatlar “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qeyd edilib ki, dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə bu dəyişiklik təklif olunur.

Plenar iclasda “İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Həmçinin iclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qanun layihəsinin olduqca mükəmməl və ümumiləşdirilmiş sənəd olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş “bu cür çağırışlar etməmək” qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də (“Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”) ləğv olunub. Bundan başqa, 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.

Müzakirələrdən sonra bütün qanun layihələri səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar yaz sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.