SİYASƏT


Milli Məclisin növbəti plenar iclası keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəlikdəki məsələlərdən danışıb.

İclasda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris Sazişinin”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin, “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsi”nin təsdiq edilməsi haqqında qanun layihələrinə baxılıb.

Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən sənədə yeni 167-1.4-cü maddənin əlavə edilməsi təklif olunub. Bu maddəyə əsasən dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər yeddi min manatdan doqquz min manata qədər cərimələnəcək və ya iki ildən beş ilədək azadlıqdan məhrum ediləcək.

Azərbaycanda dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terror törədənlər on dörd ildən iyirmi ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Cinayət Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 278.2-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün pozulmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə görə on beş ildən iyirmi ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sənədin 167-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma hərəkətlərinə görə beş min manatdan on min manatadək cərimə və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinə yeni “Dini ekstremizm əleyhinə aparılan xüsusi əhəmiyyət zonasının hüquqi rejiminin tələblərinin pozulması” adlı 517-1-ci maddənin əlavə edilməsi təklif olunur. Maddəyə əsasən Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar, əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrinin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaqlar.

Bildirilir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmağa maneçilik törətməyə görə fiziki şəxslər əlli manatdan səksən manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə on beş günədək inzibati həbs cəzasına məhkum ediləcəklər. Vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manata qədər, hüquqi şəxslər isə iki min manatdan üç min manata qədər cərimələnəcəklər.

Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq ediləcək.

Qeyd olunan cəzalar, eyni zamanda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq.

Maddədə digər buna bənzər hallara görə də eyni cəzaların tətbiq olunması təsbit edilib. Qeyd olunub ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi və ya satılmasına görə həmin aparatlar müsadirə olunmaqla, yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İclasda “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə edilib. Dəyişikliklərə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılması məqsədilə “Dini etiqad azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Elektroenergetika haqqında”, “Avtomobil yolları haqqında” qanunlarda da dəyişikliklər edilməsi nəzərdə tutulur.

Məhkəmələrin ərazi yurisdiksiyalarının, eləcə də hakimlərin intizam qaydasında işdən çıxma qaydalarının müəyyənləşdirilməsi məqsədi ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunda da dəyişikliklər ediləcək.

“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyə əsasən sənədin 24.7-ci maddəsi yeni redaksiyada verilir.

Gömrük Məcəlləsinə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədlərindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi” məzmunlu 13-1-ci maddə əlavə ediləcək.

İclasda “Avtomobil yolları haqqında”, “Reklam haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilib.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə sənədin 99.3.12-ci, 101.5-ci, 125.1.8-ci, 150.1.10-cu və 150.3-2-ci maddələri ləğv olunur. Məcəlləyə yeni 102.1.24-cü maddə əlavə ediləcək. Qanun layihəsinə əsasən idman mərc oyunlarından əldə edilən uduşlar vergidən azad olunacaq.

İclasda “Kredit Büroları haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirə edilib. Sənəd haqqında məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim edilib. Onun sözlərinə görə, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdəndir. Z.Səmədzadə əlavə edib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.

Bildirilib ki, kredit bürolarının yaradılması ölkədə maliyyə sisteminin sabitliyinin tənzimlənməsinə xidmət edəcək. Mükəmməl şəkildə hazırlanmış bu sənəd vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdıracaq, borc münasibətlərində maliyyə intizamını möhkəmləndirəcək.

Komitə sədri deyib ki, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Qeyd edilib ki, qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.

Plenar iclasda, həmçinin “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinə baxılıb. Bildirilib ki, qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir və onun hazırlanmasında müasir dünya təcrübəsi nəzərə alınıb. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Layihəyə əsasən məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.

İclasda “İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Yeni qanun layihəsi 8 fəsil və 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.

Qanuna uyğun olaraq, hər hansı yarışda iştirak edən idmançı dopinq nəzarətinin həyata keçirilməsi ilə bağlı tələblərə tabe olmağa məcburdur. Bu Qanuna riayət olunmama pozulma hesab edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Pozulmanın müəyyən edilməsi və cəzanın tətbiqi NADA-nın xüsusi səlahiyyət verilmiş şəxsləri tərəfindən həyata keçiriləcək.

Təklif olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.