SİYASƏT
Milli Məclisin növbəti plenar iclası keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Milli Məclisin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq Mülki, Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi təklif olunub.
Bildirilib ki, Meşə, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrdə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tətbiqi ilə əlaqədardır.
Meşə Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlara təklif olunan dəyişikliklərə görə sözügedən sənədlərdə “ağac-kol bitkiləri” ifadəsi “yaşıllıqlar” sözü ilə əvəz edilir. Bundan başqa, bəzi maddələr yeni redaksiyada verilir, bəzi maddələrdə isə redaktə xarakterli dəyişikliklər aparılır ki, bu da ölkəmizdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinə xidmət edir.
Meşə Məcəlləsinə edilən dəyişiklər haqqında məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər isə iyirmi beş min manat miqdarında cərimə ediləcəklər. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında hüquqi şəxslər isə otuz beş min manat miqdarında cərimələnəcək.
Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək.
Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək.
Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilib. Əlavəyə görə, Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.
“Elektron imza və elektron sənəd haqqında” Qanuna təklif edilən dəyişiklik şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı elektron imza ilə əlaqədar sertifikatların alınması prosedurunu müəyyən edir. Belə ki, dəyişikliyə əsasən elektron imza ilə əlaqədar sertifikat şəxsiyyət vəsiqəsini verən orqanın sorğusu əsasında da verilə bilər. Sertifikatın verilməsi isə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun həyata keçiriləcək.
Qeyd edilib ki, 2017-ci il yanvarın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi nəzərdə tutulur. Həmin şəxsiyyət vəsiqələri hazırkı şəxsiyyət vəsiqələrindən ciddi şəkildə fərqlənməklə elektron daşıyıcıya (çipə) malik olur. Elektron daşıyıcıya (çipə) vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları da daxil edilə bilər. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə edilə biləcək.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2016-cı il 4 mart tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunub.
“Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 1.0.2-ci maddəsindəki “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz ediləcək.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən sənədin 38.5-ci maddəsi ləğv edilir. Sənədə “Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir” məzmununda 38.6-cı maddə əlavə edilir.
“Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişikliklər həmin sənədin təkmilləşdirilməsi, eyni zamanda, imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı şəffaflığın təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək və həmin sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Azərbaycanda idman yarışlarında manipulyasiya və idman yarışlarının gedişatını və nəticəsini qəsdən dəyişdirmə ilə bağlı qadağaların və yeni cəzaların tətbiq olunması məqsədilə “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Cinayət, Cinayət-Prosessual məcəllələrinə də dəyişikliklər edilir.
Belə ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna əlavə üçün təklif edilən “İdman yarışlarının manipulyasiyası ilə mübarizə” məzmunlu 40-2 maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır.
Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən “İdman yarışlarının manipulyasiyası” məzmunlu 192-2 maddəsinə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3000 manatdan 5000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət-Prosessual Məcəlləsinə isə bununla bağlı texniki xarakterli dəyişikliklər təklif olunur.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
Sonda cari məsələlər ilə bağlı müzakirələr aparılıb.