SİYASƏT


Milli Məclisin nümayəndə heyəti NATO PA-nın sessiyasında Ermənistanın təcavüzkar siyasətinin nəticələrindən danışacaq

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiya çərçivəsində qurumun təhlükəsizliyin mülki ölçüsü, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, siyasi, elm və texnologiya, daimi komitələrinin iclasları keçiriləcək.

Məruzələrdə müasir dövrün ən aktual problemlərinə toxunulacaq, qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetiriləcək. Terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi gündəmdə olacaq, İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi kampaniyalar, dəyişən dünyada Çinin mövqeyi, Fars körfəzində təhlükəsizlik, miqrasiya böhranının nəticələri və digər məsələlər təhlil ediləcək.

Plenar iclasda rəsmilərin çıxışlarından sonra fikir mübadiləsi aparılacaq, təşkilati məsələlərə baxılacaq, qətnamələr qəbul ediləcək.

Milli Məclisin nümayəndə heyəti Cənubi Qafqaz bölgəsində təcavüz və ərazi çağırışları ilə üzləşmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən davam edən hərbi işğalı və bunun nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarından qovulmuş bir milyon qaçqın və məcburi köçkünün humanitar böhranı barədə məlumatları iştirakçıların diqqətinə çatdıracaqlar.

Qeyd edək ki, Ziyafət Əsgərovun təşəbbüsü ilə Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan qətnamə layihələrindən ikisinə təkliflər irəli sürüb. İllik sessiyada komitələrin qətnamələrinin müzakirəsi zamanı nümayəndə heyətimiz bu təkliflərin dəstəklənməsi istiqamətində fəallıq göstərəcək. Ümumiyyətlə, Milli Məclisin deputatları NATO PA-nın 62-ci illik sessiyasında baxılan bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.

Səfər noyabrın 22-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.