SİYASƏT


Milli Məclisin nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir

Tokio, 20 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir.

Oktyabrın 20-də Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın hərbi memorialını ziyarət edərək önünə əklil qoyub. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, ölkəmizin fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Sonra nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Atatürkün xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Həmən gün nümayəndə heyətinin Avstraliyanın ticarət və investisiya naziri Stiv Çiobo ilə görüşü keçirilib. Görüşdə çıxış edən deputat Xanlar Fətiyev parlamentlərarası dostluq qrupu tərəfindən iki ölkə arasında biznesin inkişafı üçün bütün lazımi köməyin göstərilməsinə hazır olduqlarını bildirib. O, Avstraliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, Avstraliya iş adamları ölkəmizdə onları maraqlandıran investisiya layihələri ilə tanış ola bilərlər. Avstraliya hökuməti öz növbəsində Azərbaycan iş adamları üçün ölkənin şimal hissəsində həyata keçirilən geniş investisiya layihələrinin təqdimatını təşkil edə bilər.

Nazir Stiv Çiobo bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə Avstraliya Ticarət Komissiyası böyük töhfə verə bilər. Avstraliya ilə Azərbaycan arasında prioritet sahələr kimi kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, qarşılıqlı investisiyalar və nəqliyyat sahələri qeyd edilib.

Nümayəndə heyətinin Avstraliyanın immiqrasiya və sərhəd məsələləri nazirinin müavini Aleks Hovkla görüşündə viza rejimi, tələbələrin mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın ADA Universiteti haqqında ətraflı məlumat verilib və bu təhsil müəssisəsi ilə əməkdaşlığa Avstraliya tərəfindən böyük maraq göstərilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.