SİYASƏT
Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri yerli mətbuatda geniş işıqlandırılır
Tokio, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Yaponiyaya səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılır.
Yaponiyanın iqtisadi dairələrində populyarlığı ilə seçilən “Sankey” qəzetində dərc olunmuş “Əlaqələr parlamentlər səviyyəsində inkişaf edir” adlı məqalədə Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Baş nazir Şinzo Abe ilə görüşünün təfərrüatlarından bəhs edilir. Baş nazirə istinadla bu səfərin iki ölkənin parlamentləri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacağı diqqətə çatdırılır. Yazıda, həmçinin Milli Məclis sədrinin yapon şirkətlərini yeni enerji layihələrinin reallaşmasında fəal iştiraka dəvət etdiyi vurğulanır. Eyni zamanda, Azərbaycan tərəfinin qeyri-neft sektorunun inkişafına investisiyaların yönəldilməsində maraqlı olduğu diqqətə çatdırılır.
JIJI PRESS agentliyinin veb-səhifəsində yerləşdirilən məqalə də Milli Məclis sədrinin Yaponiyanın Baş naziri ilə görüşünə həsr olunub. Məqalədə görüşdə müzakirə edilən məsələlərin iki ölkə arasında əlaqələrin gələcək inkişafı baxımından önəmi vurğulanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio