CƏMİYYƏT


Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə hesabat dinlənilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə 4 iclas keçirilib, 6 məsələ müzakirə edilib. Bunlardan da 2-si qanun layihəsi olub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim edilib, bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 327 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 129-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 725 vətəndaş qəbul edilib.

A.Rəhimzadə komitənin 2016-cı ilin payız sessiyası üçün iş planından danışarkən bəzi qanunlara əlavə və dəyişikliklərin ediləcəyini deyib.

Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

Əvvəlcə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişiklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Dəyişikliyə əsasən sənədin 5.1-ci maddəsində "habelə" sözündən sonra "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda" sözləri əlavə ediləcək. Qanunun 8.0.1-ci maddəsi isə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi" məzmununda yeni redaksiyada veriləcək.

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunda ediləcək dəyişikliklərə görə sənədin 7-ci maddəsinin 1.1-ci bəndi yeni redaksiyada veriləcək.

İclasda, həmçinin Biləsuvar, İmişli, Lerik, Ağdaş və Ucar rayon icra hakimiyyətlərinin ərazi mübahisəsinə dair müraciətlərinə də baxılıb.

Sonra deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.