CƏMİYYƏT
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.
Gündəliyə İnzibati Xətalar Məcəlləsi və "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil idi.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.
Xatırladaq ki, hazırda fiziki şəxslər cərimə olunanlar sırasında yoxdur.
Dəyişikliklər İnzibati Xətalar Məcəlləsini "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə təklif edilir.
Həmin dəyişikliklərə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan edilir.
Komitə sədri qeyd edib ki, bu gün dünyada mütəxəssislərin antibiotiklərə olan münasibəti 180 dərəcə dəyişib. Artıq molekulyar biologiya sahəsində yeni tədqiqatlar nəticəsində məlum olub ki, antibiotiklərin istifadəsi nəticəsində insanların geninə təsir etməklə çox ağır fəsadlı xəstəliklər ortaya çıxır. Ola bilər ki, bu, həmin zaman deyil, ikinci, üçüncü nəsildə özünü göstərər. Ona görə də antibiotiklərin verilməsi çox ciddi nəzarət altına alınmalıdır. Bunun istifadəsi çox ciddi faciələrə gətirib çıxara bilər. Ona görə də müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tədbirlər görməlidir.
"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Qanuna təqdim olunan dəyişiklik "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Sənədin vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquqları maddəsinə edilən təklifə əsasən vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müalicə müddətində müavinət verilir. Müavinətin verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.