CƏMİYYƏT
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında”, “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Komitənin iclasında, həmçinin yeni hazırlanan “Psixoloji yardım haqqında” Qanunun layihəsinə də baxılıb.
“İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi haqqında məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, orqan və toxuma transplantasiyası son illər dünyada çox sürətlə inkişaf etməyə başlayıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. On beş il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az halda həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qaraciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası aparılır.
Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır. Yaxın gələcəkdə ölkədə ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.
Azərbaycanda dərmanların reklamının məhdudlaşdırıldığını deyən komitə sədri bildirib ki, bu, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, bu dəyişiklik “Reklam haqqında” 2015-ci il 15 may tarixli Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Təklif olunan dəyişikliyə əsasən Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.
İclasda “Psixoloji yardım haqqında” Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Yeddi fəsil, 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri əksini tapıb. Qanun psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.