SİYASƏT
Milli Məclisin sosial siyasət komitəsinin payız sessiyasında son iclası keçirilib
Bakı, 19 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 19-da Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hadı Rəcəbli gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair qanun layihəsinə əsasən məcəllənin bir sıra maddələrində texniki dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun tətbiqi ilə bağlı Əmək Məcəlləsinin 3-cü, 7-ci, 12-ci və 49-cu maddələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözləri əlavə olunur.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra iclasda sosial siyasət komitəsinə daxil olan təklif, ərizə və şikayətlərə baxılıb. Hadı Rəcəbli bildirib ki, komitəyə terror qurbanlarına xüsusi statusun verilməsi ilə bağlı müraciət daxil olub.
Müzakirələrdən sonra bu təklifin məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumuna dair rəyinin öyrənilməsi qərara alınıb.
Deputatlar iclaslarda komitəyə daxil olmuş təklif, ərizə və şikayətlərin müzakirə edilməsini yüksək qiymətləndiriblər.
Sonra komitənin 2014-cü il payız sessiyasının yekunları müzakirə edilib.
Bildirilib ki, ötən dövr ərzində komitəyə 320 ərizə daxil olub. Komitə tərəfindən 196 vətəndaş qəbul edilib, 20-dən çox qanuna dəyişiklik edilib.