SİYASƏT
Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının son plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
Milli Məclisin sədri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə parlamentin iclasında iştirak edən bir qrup uşağın timsalında bütün Azərbaycan uşaqlarını təbrik edib, onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.
Əvvəlcə H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsi müzakirə edilib.
“Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, neftin qiymətinin üç dəfədən çox aşağı düşməsi ölkəmizin iqtisadiyyatına da mənfi təsirini göstərsə də bu təsir minimuma endirilib. İqtisadiyyatımız 2015-ci ildə uğurla inkişaf edib. 2015-cı ildə iqtisadi inkişafa nail olmaq böyük uğurdur. Ötən il vergi-gömrük sistemindəki iqtisadi islahatlar nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Müdafiə ilə bağlı xərclərdə heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 milyard manat vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Dövlət büdcəsinin kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb ki, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycanın büdcə sistemi artıq oturuşub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19438,0 milyon manat proqnoza qarşı 90,0 faiz icra olunaraq 17498,0 milyon manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 milyon manat və ya 4,9 faiz azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8130,0 milyon manatı və ya 46,5 faizi Dövlət Neft Fondundan transfertin, 7118,3 milyon manatı və ya 40,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1591,9 milyon manatı və ya 9,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7 faizi digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 milyon manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 milyon manat Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448,0 milyon manat sair daxilolmalar hesabına formalaşıb). 2015-ci il dövlət büdcəsinin xərcləri 21100,0 milyon manat proqnoza qarşı 17784,5 milyon manat və ya 84,3 faiz icra edilib. Dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 32,7 faiz təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9763,1 milyon manatı və ya 54,9 faizi cari xərclərə (2014-cü illə müqayisədə 134,5 milyon manat və ya 1,4 faiz az), 7316,9 milyon manatı və ya 41,1 faizi əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 milyon manat və ya 13,2 faiz az), 704,5 milyon manatı və ya ümumi xərclərin 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 milyon manat və ya 1,9 dəfə çox) yönəldilib. 2015-ci ilin dövlət büdcəsində 286,5 milyon manat məbləğində büdcə kəsiri olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 milyon manat təşkil edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı rəyi təqdim edib. O qeyd edib ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyıcılarının qiymətinin aşağı olması tədiyyə balansının həssaslığının artması, ümumi daxili məhsulda neft sektorunun payının daha da azalması, məzənnə mövqeyinin zəifləməsi, eləcə də orta illik inflyasiya səviyyəsinin son illərlə müqayisədə daha da artması kimi amillərlə səciyyələnib.
Bildirilib ki, qeyd edilən amillərin təsirinə baxmayaraq, Azərbaycan Prezidentinin apardığı düşünülmüş iqtisadi siyasət və qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması hesabat ili üçün büdcə-vergi siyasəti üzrə nəzərdə tutulan tədbirlərin reallaşmasına şərait yaradıb, qeyri-neft sektorunun çəkisi artıb, neftdən asılılıq meyilləri azalıb. Dövlət büdcəsinin icrası ilə bağlı müvafiq hesabata əsasən dövlət gəlirləri 2015-ci ildə 17 milyard 497,9 milyon manat və ya 90 faiz səviyyəsində icra olunub. Neft gəlirlərində azalma 15,8 faiz müşahidə edilib. Ümumiyyətlə, neft sektorunda büdcə gəlirlərinin payı 2014-cü ildə 66 faizdən 2015-ci ildə 58,4 faizə qədər azalıb. 2014-cü ilə nisbətən hesabat dövründə dövlət büdcəsinin qeyri-neft mənbələrinin gəlirləri 16,3 faizlik artım, milli iqtisadiyyatın neft seqmentinin sifarişləri hesabına maliyyələşən tələbin səngiməsi, eləcə də bütün mənbələr hesabına investisiya qoyuluşunun 1,1 faiz azalması şəraitində baş verib. Hesabat ilində bir sıra iqtisadi amillərlə yanaşı, dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsinə milli valyutanın məzənnə rejiminin dəyişməsi, vergitutma bazasının genişləndirilməsi, vergi və digər icbari ödəniş dərəcələrinin artması da öz təsirini göstərib. Təqdim edilən hesabata əsasən, 2015-ci ildə Vergilər Nazirliyi tərəfindən 2015-ci ildə 7 milyard 118,3 milyon, Dövlət Gömrük Komitəsi tərəfindən 1 milyard 591,19 milyon manat məbləğində vəsait icra edilib. Hər iki qurum üzrə proqnoz göstərici 100 faiz səviyyəsində icra olunub. Hər iki qurum üzrə daxilolma əvvəlki illə müqayisədə artıb. Dövlət Neft Fondundan 8 milyard 130 milyon manat vəsait transfer olunub ki, bu da təsdiq olunan planın 78,3 faiz səviyyəsindədir” .
Diqqətə çatdırılıb ki, məxfi xərclər istisna olmaqla, kassa xərclərində 300 milyon debitor borc yaranıb. Əvvəlki illərlə müqayisədə debitor borclarının həcmi azalıb. Bundan əlavə, satınalmalar üzrə 6930 müsabiqə təşkil edilib ki, bu, 2014-cü ilə nisbətən 16,5 faiz azdır. Başqa sözlə, dövlət satınalmaları ilə bağlı bəzi nöqsanlar var.
Müzakirələr zamanı çıxış edən deputatlar 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını vurğulayaraq bildiriblər ki, ötən il də qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Sənədi müsbət xarakterizə edən cəhətlərdən biri ötən il də bütün sosial proqramların və layihələrin yerinə yetirilməsidir.
Maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatlarının çıxışlarında qaldırdıqları bəzi məsələlərə münasibət bildirib. O deyib ki, ötən il də büdcə öhdəlikləri və vəzifələri tam yerinə yetirilib, məqsədyönlü iqtisadi siyasət nəticəsində 2015-ci ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib.
Nazir Azərbaycan Prezidentinin pensiya islahatı konsepsiyasına uyğun müvafiq qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Bildirilib ki, layihənin müzakirələri zamanı deputatların səsləndirdikləri təklif və tövsiyələrin müvafiq sayılanları sənəddə nəzərə alınıb. Bu qanun olduqca vacibdir və Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların dərinləşməsinə təkan verəcək. Qanun ölkənin və ölkədəki istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərərvurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirlərin, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyəcək.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədə bir sıra əlavələr edilir. Belə ki, sənədin 21.1.5-ci maddəsində “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri “xarici ölkələrdə” sözləri ilə əvəz ediləcək.
Daha sonra “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Məlumat azadlığı haqqında” Qanunu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna uyğunlaşdırmaq məqsədilə qərara alır ki, “Məlumat azadlığı haqqında” Qanunun 10-cu maddəsinin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilsin.
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən, sənədin müvafiq maddələrindəki “terror aksiyası” sözləri “terror aktları” sözləri ilə əvəzlənəcək. Belə ki, “terror aktı” konkret hüquqi yük daşıyan bir anlayışdır. “Aksiya” sözü isə politoloji məna kəsb edir.
Sənədə düzəlişlərin əsas məqsədi onu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanuna uyğunlaşdırmaqdır.
Deputatlar, həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, imtahanın təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanına qatılmaq üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müsahibənin keçirilməsi haqqında elan sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər KİV-lərdə verilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun iki nümayəndəsi daxil edilməklə yaradılır. Bu komissiya üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi onun nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Plenar iclasda “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, qanun layihəsinə ikinci oxunuşda altı yeni maddə və 50-dən çox yeni müddəa əlavə olunub, bəzi redaktə xarakterli dəyişikliklər edilib. İkinci oxunuşda qanun layihəsində kənd təsərrüfatı kooperativlərinin üç növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib. Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi əsasında yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz. İstehsal kooperativinin işçisi, eyni zamanda, həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativlərinin üzvü ola bilməz.
Qanun layihəsinin ikinci oxunuşunda dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb. Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək, eyni zamanda, şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kənd təsərrüfatı bazarında rəqabəti genişləndirmək, kooperativlərin səmərəli fəaliyyətinə təkan vermək üçün kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi məqsədilə torpaq ayırmalı, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.
Qanun layihəsinə ikinci oxunuşda kooperativ bazarların təşkili barədə maddə əlavə edilib. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olacaq, istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcəklər. Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək.
Milli Məclis, həmçinin Cəzaların İcrası, Mülki, Cinayət məcəllələrində, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıb.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən həmin məcəllənin 214-1-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsində “terror aksiyalarının” sözləri “terror aktlarının” sözləri ilə, “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz edilib.
Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə əsasən sənədin 218.3-cü maddəsində “satıcının” sözü “alıcının” sözü ilə əvəzlənib.
Dəyişikliyə görə, Mülki Məcəllənin 740-cı maddəsi “300 manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır” məzmununda yeni redaksıyada veriləcək.
Müzakirələrdən sonra Milli Məclisin sədri Oqtay Əsədov 2016-ci ilin yaz sessiyasını bağlı elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu iclası başa çatıb.