CƏMİYYƏT


Milli Mətbuatın yaranmasının 142-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 20 iyul, AZƏRTAC 

İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Sosial Rifah Partiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Əkinçi” qəzetinin ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynadığını bildirərək deyib: “Hər bir xalqın həyatında, onun inkişafında milli mətbuat mühüm rol oynayır, Azərbaycan xalqının inkişafında “Əkinçi” qəzetinin böyük rolu var. Bu qəzet Azərbaycan xalqının milli məfkurəsinin formalaşmasında əsas rol oynayaraq milli kimlik, milli şüurun mövcudluğu və inkişafı məsələsini gündəmə gətirib. “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi Qafqaziyə”, “Kəşkül”, “Kaspi”, “Şərqi rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” jurnalı və digər nəşrlərimiz “Əkinçi”də qoyulan bu ideyaları davam etdiriblər. Bu ideyalar maarifçilik, təhsilin xalqın inkişafında rolu, qadın azadlığı və müstəqillik kimi məsələləri əhatə edirdi”.

Müstəqillik illərində Azərbaycan mediasının keçdiyi inkişaf yolundan da danışan Mətbuat Şurasının sədri qeyd edib ki, mətbuatın inkişafı qarşısında ən böyük əngələ çevrilən senzura Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə aradan qaldırıldı. Senzuranın ləğvi, həm də Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəlilədiyini göstərən əsaslı faktlardan biridir.

Tədbirdə çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, rəhbərlik etdiyi partiya hər il Milli Mətbuat günü ilə bağlı tədbirlər təşkil edir.

“Azərbaycan mətbuatı ölkəmizdə aparıcı qüvvədir”,- deyən Xanhüseyn Kazımlı dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan da ətraflı bəhs edib. Bildirib ki, jurnalistlər üçün növbəti binanın tikilməsi dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri “Əkinçi” qəzetinin fəaliyyəti, onun jurnalistikamıza, mədəniyyətimizə verdiyi töhfələr barədə danışıblar. Bildiriblər ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Qeyd edilib ki, ötən dövrdə Azərbaycan jurnalistikası mürəkkəb, çətin, eyni zamanda, şərəfli bir yol keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.