CƏMİYYƏT


Milli Mətbuatın yaranmasının 142-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumu (MQF) Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti Rauf Zeyni çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycanda müstəqil media formalaşıb. Medianın inkişafında Azərbaycan dövləti də öz dəstəyini göstərir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzuranın ləğvi demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açdı. Azərbaycan Prezidenti İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini bildirən R.Zeyni deyib ki, dövlətimizin başçısı mediaya, mətbuatın inkişafına xüsusi dəstək verir. Dünən KİV nümayəndələrinə 255 mənzilin paylanması bunu bir daha sübut edir.

Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli məclisin deputatı Əflatun Amaşov medianın cəmiyyətin demokratik həyatının bir qanadı olduğunu bildirib, Azərbaycanda jurnalistikanın yaranma və inkişafı tarixindən bəhs edib.

Azərbaycan mediasının müstəqilliyimiz uğrunda mübarizə aparan ən böyük institutlardan biri olduğunu deyən Mətbuat Şurasının sədri qeyd edib ki, Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda KİV sahəsində də mühüm nailiyyətlə əldə edilib. Bütün azadlıqların təminatı ilə yanaşı, jurnalistlərin sosial problemlərinin həlli məsələsi də daim dövlətin diqqəti mərkəzində olub. Bu qayğının ən bariz nümunəsi isə jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, media işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardır.

Media nümayəndələrini milli mətbuatın yaranmasının 142-ci illiyi münasibətilə təbrik edən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə media nümayəndələri üçün tikilən ikinci binanın istifadəyə verilməsi və üçüncü binanın təməlinin qoyulması jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atılan əvəzsiz addımdır. Bu, həm də Prezident İlham Əliyevin apardığı humanist siyasətinin, dövlətimizin başçısının ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digərləri mətbuat işçilərini peşə bayramı münasibətlə təbrik edib, Azərbaycan jurnalistikasının tarixindən, onun keçdiyi inkişaf yolundan danışıblar.

Sonda tədbir iştirak edən jurnalistlərə Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumu tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.