REGİONLAR
Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirildi
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi bəstəkarın Muğam Mərkəzinin qarşısındakı büstü önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirdilər.
Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışdılar.
Bildirildi ki, ulu öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il sentyabrın 18-dən 28-dək davam edən və dahi bəstəkara həsr olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.
Bayram tədbirində dahi bəstəkarın əsərlərindən parçalar səsləndirildi. İfa olunan mahnı və romanslar, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından parçalar tamaşaçıların qəlbində xoş duyğular oyatdı.