İQTİSADİYYAT
Milli Nüvə Tədqiqatları Mərkəzi Özbəkistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM) Qapalı Səhmdar Cəmiyyəti Özbəkistan Milli Universitetində keçirilən “Fundamental və tətbiqi fizikanın yeni inkişaf istiqamətləri: Problemlər, nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq simpoziumda təmsil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, MNTM-in sədri, akademik Adil Qəribov “Bərk cisimlərdə radiasion defektlər və onların effektiv istifadə yolları” mövzusunda plenar çıxışda iştirak edib. Akademikin çıxışında qaldırdığı fundamental və atom-hidrogen energetikası, su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi, materialşünaslıq sahəsində praktik aspektlər ilə bağlı məsələlər və alınan nəticələr böyük maraq kəsb edib.
Özbəkistan Milli Universitetinin rektoru və simpoziumun Təşkilat Komitəsinin sədri professor A.R.Marahimov elmi əməkdaşlıq üzrə müqavilə bağlamaq təklifi ilə çıxış edib və artıq müqavilənin ilkin variantı hazırlanıb. Simpoziumun gedişində 10-dan çox plenar və 30-a yaxın bölmə məruzəsi dinlənilib. Yaponiya, Koreya Respublikası, Kanada, Rusiya, Ukrayna, Hindistan, Çin alimləri ilə birgə maraq kəsb edən elmi sahələrdə müzakirələr aparılıb, əlaqələrin qurulması və davam etdirilməsi qərarına gəlinib.
Qeyd edək ki, simpozium elmi nəticələrin aprobasiyası, dünya elminə inteqrasiya, yeni istiqamətlər və nəticələrlə tanışlıq, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək elmi-texniki fəaliyyətin təşkilində böyük əhəmiyyət kəsb edir.