CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinə ay ərzində 8 mindən artıq xəstə müraciət edir

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə ay ərzində 8 mindən artıq xəstə müraciət edir ki, onlardan təqribən 5 mini adətən ilk dəfə müraciət edən şəxslər olurlar. Mərkəzin Masallı regional şöbəsinə ay ərzində orta hesabla 460-dan artıq xəstə, Gəncə filialına isə 1000-dən çox xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 min 976 nəfərdir.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıqlar görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün edib. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahiyyə əməliyyatlarının funksional nəticələrini daha da yüksəldib.

Mərkəzin Səyyar klinikası müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq, hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərində əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə kontingentin dispanser müayinəsini aparır. İndiyədək səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstənin gözündə cərrahiyyə əməliyyatı aparılıb. Mərkəzin əməkdaşları dünya ölkələrində keçirilən oftalmoloji konqres və konfranslarda yaxından iştirak edirlər.

Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarında təcrübə və hazırlıq keçirlər, gözün müxtəlif xarakterli patologiyalarının müalicəsində istifadə olunan ən müasir üsullara yiyələnirlər və bu təcrübəni öz işlərində müvəffəqiyyətlə tətbiq edirlər.

Məlumatda o da bildirilir ki, hazırda Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.