REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin həkimləri Tovuzda əhaliyə səyyar xidmət göstəriblər
Tovuz, 1 noyabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri “Gözlərə nur verək” devizi altında Tovuzda sakinlərə səyyar xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, müraciət edən vətəndaşlar profilaktik yoxlamadan keçirilərək, onlara diaqnoz qoyulub və müalicə təyin olunub. Əməliyyata ehtiyacı olanlardan isə laborator analizlər götürüldükdən sonra cərrahiyyə əməliyyatı aparılıb. Aksiya iştirakçılarında daha çox katarakt, refraksiya patologiyası kimi göz xəstəlikləri aşkar olunub. Onlardan 20-sinin gözündə kataraktın ekstraksiyası əməliyyatı aparılıb. Səyyar xidmət zamanı mümkün olmayan əməliyyatlar Milli Oftalmologiya Mərkəzində aparılması üçün qeydə alınıb.
İki gün davam edən sağlamlıq aksiyasında 300-ə yaxın sakin müayinə olunub. Aksiyanın ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.