REGİONLAR
Milli Ordumuz Azərbaycan dövlətinin ən böyük dayağıdır
Şamaxı, 24 iyun, AZƏRTAC
Şamaxıdakı “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilən bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin əsgər və zabitlərini bayram münasibətilə təbrik edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Azərbaycan Ordusunun yaradılması, ordu quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən danışıb. Vurğulayıb ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin tam təminatçısıdır.
G.Ələkbərova, eləcə də digər çıxış edənlər ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardıqları islahatlar nəticəsində ordumuzun Qafqazda ən güclü müdafiə potensialı olan bir qüvvə kimi formalaşdığını qeyd edib və aprel döyüşlərinin bunu bir daha sübut etdiyini bildiriblər.
Çıxışlarda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsi arzusu ifadə olunub.
Rəsmi hissədən sonra qonaqlar hərbi hissə ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Bayram tədbiri rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.