CƏMİYYƏT
Milli Ordumuzun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığın təbliğinə həsr olunan tədbir keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində “Müstəqil Azərbaycanın ən yeni hərb tarixində Milli Ordunun döyüşlər zamanı nümayiş etdirdiyi şücaət və qəhrəmanlığın təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə Ədliyyə, Müdafiə nazirliklərinin, Veteranlar Şurasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Ali Hərbi Təyyarəçilik Məktəbinin nümayəndələri, digər idarə və müəssisələrin, KİV-lərin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbirin rəsmi hissəsinin əvvəlində iştirakçılar ümummilli lider Heydər Əliyevin, habelə şəhidlərin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə müasir, müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən Azərbaycanın qurulmasında Ümummilli Liderin rolundan, dövlətimizin çiçəklənməsi və xalqımızın rifahının yüksəldilməsi uğrunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətlərindən danışıb.
Çıxış edənlər ötən əsrin sonlarında çətin sınaqlarla qarşılaşmış Azərbaycanın hərbi qulluqçularının və dinc əhalisinin qəhrəmanlığından danışıblar. Onlar tarixin, o cümlədən Qarabağ hadisələrinin saxtalaşdırılmasının yolverilməz olduğunu deyib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Türkan Novruzovanın tədbirin mövzusu üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi eyniadlı layihə barədə məruzəsi dinlənilib.
Sonra “Əsrin qəhrəmanlığı” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə ümummilli lider Heydər Əliyevin XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra ordu quruculuğundan, həmin vaxt yaradılmış 701, 702, 703, 704, 706, 708, 771, 772, 773, 774, 776 və 777 hərbi hissələrin düşmənə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıq və hünərindən söhbət açılır.
Qarabağ müharibəsi veteranları Azərbaycan hərbi qulluqçularının xalqımızın mənəvi ruhunu qıra bilməyən çətinliklərdə və ağır günlərdə dözümlüyündən danışıblar.
Tədbir hərbi mövzuda muzeyin kollektivi tərəfindən hazırlanmış videomaterialın nümayişi ilə başa çatıb.