MƏDƏNİYYƏT
Milli Qəhrəman Mübariz İbrahimov haqqında çəkiləcək filmdə məşhur aktyorlar rol alacaq
Bakı, 18 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Aprelin 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filminə həsr edilmiş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmin tizeri nümayiş olunub.
Bildirilib ki, keyfiyyətli ekşn səhnələrlə dolu olan tizer filmin böyük əks-səda doğuracağını deməyə əsas verir. Tizer İstanbulda “İst Film” çəkiliş qrupu tərəfindən peşəkar kaskadyorlarla çəkilib. Filmdə Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycandan məşhur aktyorların rol alması gözlənilir. Ekşn səhnələr üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.
Film Azərbaycanda çəkiləcək. Ssenarinin əsas hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün “İst Film”in yaradıcı qrupu Bakıya gəlib. Filmin ssenaristləri Türkiyədən Ali Doğançay, Azərbaycandan Rəşad Süleymanoğludur.
Mətbuat konfransında Rəşad Süleymanoğlu bildirib ki, hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.
Ekran əsərinin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.
Filmin tizeri: https://www.youtube.com/watch?v=PhQLV0sMqrs