MƏDƏNİYYƏT
Milli Qəhrəman Oqtay Güləliyevin xatirəsi yad olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Bakıda yerləşən Laçın rayonu 28 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Oqtay Güləliyevə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova çıxış edərək belə tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızı yad etməklə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkir.
1990-cı illərin əvvəllərində baş verən hadisələrdən söz açan A.Həsənova Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, laçınlı oğulların dövlətimizin ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.
Vurğulanıb ki, müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Milli Qəhrəman Oqtay Güləliyevin keçdiyi şərəfli ömür yoluna nəzər salan natiq onun qəhrəmanlığından danışıb. Bildirib ki, O.Güləliyevin qəhrəmanlıq yolu gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bir örnəkdir.
Qeyd olunub ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Onun Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib. “Daşaltı əməliyyatı” zamanı o, mühasirəyə düşən 80 əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə ağır yaralanan O.Güləliyev müalicə olunaraq yenidən cəbhəyə qayıdıb. Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün qurduğu əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb, beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. O, 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, özü qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 11 may tarixli Fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Milli Qəhrəman Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri çıxış edərək onun həyat və döyüş yolundan bəhs ediblər, O.Güləliyevlə bağlı xatirələrini bölüşüblər.
Sonra tədbir iştirakçıları İltifat Hacıxanoğlunun ssenari müəllifi və quruluşçu rejissoru olduğu Milli Qəhrəmana həsr edilmiş “Laçın qartalı” filmini izləyiblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli film “Yaddaş” studiyasında lentə alınıb. Milli Qəhrəman Oqtay Güləliyevin həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən filmin xronometrajı 21 dəqiqədir.
Tədbir Laçın rayon 1 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin hazırladığı musiqili kompozisiya ilə davam edib.